GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#fəhlə Fəhlələr arasında bıçaqlanma baş verib

 

Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri “Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib. Nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

==========================================

 

 #cəsəd Qəbələdə bıçaqlanaraq çöllüyə atılmış meyit aşkar edildi

 

Oktyabrın 9-u saat 21 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitinin Tikanlı kəndinə yaxın ərazidə aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qəbələ rayon prokurorluğundan  verilən məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, rayonun Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar törədilməsi müəyyənləşib.

 

Kənan Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

=========================================

 

 #hamilə Hamilə arvadını qətlə yetirən kişiyə 16 il həbs cəzası verildi

 

Bakı Ağır Cinayətlər Məhhkəməsində Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə A. Əhmədov 16 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhərində baş verib. Şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020