Lənkəran Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib- Azpress.AZ-Ağaddin Babayev + (FOTO=7)
Bu xəbəri paylaş
Lənkəran Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib- Azpress.AZ-Ağaddin Babayev + (FOTO=7)
Noyabrın 8-də Lənkəran Dövlət Dram Teatrında Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyətin nümayəndələri və teatrın kollektivi iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə teatrın foyesində Qarabağ şəhidləri və onların şücaətini əks etdirə rəsm sərgisinin açılışına qatılıblar. Lənkəran Dövlət Dram Teatrının baş rəssamı Adil Əsədlinin, rəssamlardan Ramazan Ağayevin, Tərlan Sadıxovun, Rza Rzazadənin, İlqar İsmayılovun və Şöhrəddin Səbziyevin fırçasından çıxan bu rəsmlərdə şanlı Zəfərimizin qazanılmasında qanını, canını fəda edən şəhidlərimizim nurlu siması, döyüş şücaətləri əksini tapıb.
İcra başçısı Taleh Qaraşov və teatrın direktoru Tofiq Heydərov sərginin açılışını bildirən rəmzi qırmızı lenti kəsəndən sonra iştirakçılar burada nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.
Teatrın tamaşa zalında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış lənkəranlı döyüşçülərə həsr olunmuş “Payızın 44 anı” kitabının təqdimatı keçirilib. İcra başçısı T.Qaraşov, kitabın müəllifləri Qafar Cəfərli və Xatirə Xatun çıxış edərək kitabın məziyyətlərindən söz açıblar. Bildirilib ki, İkinci Qarabağ Müharibəsində şəhid olan lənkəranlıların əziz xatirəsinə həsr olunmuş bu kitab iş adamı Hüseyn Raqib oğlu Həsənzadənin maddi dəstəyi ilə ərsəyə gətirilib. Nəşrdə demək olar ki, Lənkəran ərazisində doğulub, buradan İkinci Qarabağ savaşına yollanmış bütün lənkəranlı şəhidlərin hər biri haqqında fotoları ilə birlikdə publisistik yazılar təqdim edilib. Bu yazılarda həmin şəhidlərin döyüş yolu barəsində söz açılır. Kitabda hər iki müəllifdən başqa, Lənkəranın şəhidləri barəsində Əlisəfa Həsənovun, Ağamir Cavadın, Esmira İsmayılovanın da yazıları yer alıb.
Kitabın təqdimatından sonra Lənkəran teatrı aktyorlarının ifasında “Zəfərin mübarək, Vətən!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Qabil Quliyevin olduğu bu səhnə əsərində 44 günlük Vətən müharibəsi dövründə qazandığımız şanlı Qələbə sözün qüdrəti ilə təqdim olunur. Xalq artisti Qabil Quliyevin, Əməkdar artist Sucəddin Mirzəyevin, aktyorlardan Aynur Əhmədovanın, Allahverən Babayevin, Qızılgül Quliyevanın, Səyyad Əliyevin, Gülər Kərimlinin, Şəbnəm Hüseynovanın, Emil Tağızadənin və Amil İbrahimlinin ifasında səslənən vətənpərvərlik, şəhidlik məqamı və qanla qazanılan böyük Zəfər kimi ali mənəvi dəyərləri tərənnüm edən şeirlər tamaşaçılar tərəfindən yüksək ruh coşğuluğu ilə qarşılanıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






