Ağcabədidə təbiət ərazilərində yanğınların qarşısının alınması mövzusunda regional müşavirə keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=34)
Bu xəbəri paylaş
Ağcabədidə təbiət ərazilərində yanğınların qarşısının alınması mövzusunda regional müşavirə keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=34)
28 aprel 2022-ci il tarixində Ağcabədi şəhərində “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Baş Prokurorluq, Daxili İşlər, Kənd Təsərrüfatı və Ədliyyə nazirlikləri, “Azəriqaz” İB, “Azərenerji” ASC, “Azərişıq” ASC-nin nümayəndələri və 14 rayonun Fövqəladə Hallar Komissiyalarının sədrləri, sahibkar və fermerlər iştirak ediblər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev fermerlər və sahibkarlara biçin mövsümündə diqqətli olmaları, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və taxıl sahələrini yandırmamaları üçün müraciət edib. Nazir müavini yanğın hallarının qarşısını almaq məqsədilə maarifləndirmə işlərinin mütəmadi davam etdirilməli olduğunu da vurğulayıb. O, əkin sahələri ilə yanaşı, meşələrdə baş verən yanğınlara da diqqət çəkərək, milli sərvətimiz olan meşələri qorumaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyini qeyd edib.
Yanğınlarla yanaşı digər fövqəladə halların da ciddi narahat doğurduğunu bildirən E.Mirzəyev istər təbii, istərsə də texnogen mənşəli fövqəladə halların qarşısının vaxtında alınması istiqamətində aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, qarşıdan isti yay aylarının gəlməsi meşələrdə, yaşıllıq ərazilərdə yanğın təhlükəsini artırır. Buna görə də hər kəs təbiət ərazilərində olarkən ehtiyatlı olmalı, yanğına şərait yaradan davranışlardan çəkinməlidir. Nəzərə almalıyıq ki, yanğın baş verən sahənin əvvəlki halına qayıtması üçün illərlə vaxt lazımdır.
Nazir müavininin sözlərinə görə, dəfələrlə taxıl biçildikdən sonra sahəni yandırmamaq barədə xəbərdarlıqlar etməyimizə baxmayaraq, təəssüf ki, hələ də bu cür hallarla üzləşirik.
Görüşdə təbiət ərazilərində yanğın hallarının baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi, biçindən sonra sahələrə od vurulmaması, təbiətdə olarkən odla ehtiyatlı davranmanın vacibliyi bildirilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

































