"Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi" layihəsinin təqdimat mərasimi həyata keçirildi - FOTO
Bu xəbəri paylaş
21 iyun tarixində Tərtər rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsinin təqdimat mərasimi həyata keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, Tərtər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak etmişdir.
“Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsində, 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapın “Beynəlxalq Avrasiya Fondu”-na bağışlanaraq Tərtər rayonunda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonu əhalisinin daha təhlükəsiz şəraitdə yaşamasının təmin olunması nəzərdə tutulur. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti 149,098 manat (88,224 ABŞ dolları) məbləğində qrant ayırmışdır.
İndiyə qədər Azərbaycan Respublikasında ”Ot Kökləri və Insan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 278 olmaqla, ümumi qrant məbləği isə 39,860,000 AZN-i (23,450,000 ABŞ dolları) keçmişdir.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




