Məşhur istirahət mərkəzində partlayış: Xəsarət alanların SON DURUMU
Bu xəbəri paylaş
Məşhur istirahət mərkəzində partlayış: Xəsarət alanların SON DURUMU
Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib: "Xəsarət alan qadınlardan birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb. Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir".
X X X
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-nin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.
FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)