Ağcabədidə qəhrəman tankçı Dəyanət Əliyevin doğum günü qeyd olundu Mais İbrahimov (AZ-press.AZ) +FOTO=60
Bu xəbəri paylaş
Ağcabədidə qəhrəman tankçı Dəyanət Əliyevin doğum günü qeyd olundu Mais İbrahimov (AZ-press.AZ) +FOTO=60
Ölümüylə əbədilik qazanan cəsur tankçı Dəyanət Əliyevin 40 yaşı tamam oldu.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Dəyanət Ələsgər oğlu Əliyev 1982-ci il sentyabrın 18- i Milli Musiqi Günü Ağcabədi rayonunun Hacıbədəlli kəndində Ələsgər Əliyevin ailəsində dünyaya göz açıb. 2000-ci ildə Hacıbədəlli kənd tam orta məktəbini uğurla başa vurub. 2009-cu ildən müddətdən artıq hərbi xidmətə başlayan Dəyanət 2015-ci ildə tank komandiri kursunu müvəffəqiyyətlə tamamlayır. Təlim və döyüşlərdə əzmkarlığı, fədakarlığı, bacarığı ilə hər zaman başqalarından seçildiyi üçün “3-cü dərəcəli qüsursuz xidmətə görə” və Azərbaycan silahlı qüvvələrinin 95 illiyi münasibəti ilə 26 iyun 2013-cü ildə “Yubiley” medalı daha sonra “100 illik yubiley” medalı ilə təltif edilib. O, 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub, düşmənə qarşı mərdliklə döyüşüb. İkinci Qarabağ müharibəsi başlamazdan öncə sentyabr ayının 21-də son dəfə evinə, ailəsini görməyə gələn Dəyanət cəbhəyə geri dönəndə ömür gün yoldaşına bu sözləri deyib: “Ola bilsin ki, bu sizlərlə son görüşümdür. Uşaqları sənə səni isə yaradanımıza əmanət edirəm.”
Gizir Əliyev Dəyanət 2020-ci il sentyabrın 27-də dədə-baba torpaqlarımızın azad edilməsi naminə başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir.
Oktyabrın 2-də qızğın döyüşlər zamanı öz peşəsinin vurğunu olan, təcrübəli hərbçi Dəyanətin idarə etdiyi tank Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə düşmənin atdığı mərmi nəticəsində yanmağa başlayır. O, özü yanan tankın içindən çevik şəkildə çıxsa da orada qalan döyüş yoldaşları üçün geri qayıdır. Döyüş yoldaşları şəhid Xəzər Bayramov və şəhid Elçin İsmayılov olub. Dostlarını darda qoymayan qorxmaz Vətən oğlu çox çalışsa da döyüş yoldaşlarını xilas edərkən mənfur düşmənin atdığı mərmi nəticəsində özü də ağır yaralanır.
Dəyanət Əliyev Müdafiə Nazirliyinin mərkəzi hospitalına çatdırılsa da həkimlərin cəhdi nəticəsiz qalır. O, oktyabrın 23-də şəhadətə ucalır. Oktyabrın 24-ü Ağcabədi Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Şəhidlər ölmür, onlar ölümündən doğulanlardır. Bu gün ölümsüz qəhrəmanımızın ad günü onu sevənlər tərəfindən yad edildi. Bu məqsədlə böyüyüb boya-başa çatdığı kənddə mərasim keçirildi. Mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazilər, şəhidin doğmaları, kənd sakinləri, digər şəhid ailələrinin üzvləri, media nümayəndələri iştirak etdilər.
Onlar ilk öncə şəhid Dəyanətin uyuduğu Şəhidlər Xiyabanını ziyarət etdilər. Daha sonra kənd şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər. Ardınca Dəyanət Əliyevin adının verildiyi kənd şəhidlərinin adları və şəkilləri həkk olunmuş abidə bulaq kompleksini ziyarət edib, onların ruhuna dualar oxudular.
Daha sonra ziyarətçilər qəhrəmanın böyüdüyü evdə çay süfrəsi ətrafına toplaşaraq Dəyanət Əliyevin keçdiyi qısa və mənalı həyat yoluna, döyüşlərdə göstərdiyi şücaətdən danışıb xatirələrini bölüşdülər.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Dəyanət Əliyev ölümündən sonra “Vətən uğrunda”, İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Onu da qeyd edək ki, qəhrəman tankçının doğulduğu kənddə adına küçə verilib, ehsan bulağı çəkilib. Bununla yanaş qeyd edək ki, Şərqi Afrikada Tanzaniya Birləşmiş Respublikasında azərbaycanlılar tərəfindən şəhidlərimizin xatirəsinə 13 su quyusu vurulub. Quyulara l və ll Qarabağ müharibəsində şəhid olmuş Vətən oğullarının adları verilib ki, həmin şəhidlərimizdən biri də Dəyanət Əliyevdir.
Qəhrəman tankçı biz bilirik ki, şəhidlərin məqamları ali, məkanları cənnətdir. Ruhun şad olsun igid qəhrəman, sənsiz keçən doğum günün mübarək.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



























































